"Ət"dən və "sümük"dən robot | VİDEO
// Süni əzələ maşını insana bir addım da yaxınlaşdırdı
Hazırda robot düzəltməklə məşğul olan şirkətlər iki hissəyə ayrılırlar. “Tesla” kimi şirkətlər evdə və təsərrüfatda praktik məqsədlərlə istifadə üçün robotlar düzəltməyə fokuslanıblar. “Clone Robotics” kimi şirkətlər isə diqqətlərini canlılara maksimum bənzəyən - biomimetik maşınların istehsalına yönəldiblər. Onlar robotlarda bioloji varlıqların güc və çevikliyinə nail olmağa çalışırlar.
“Clone Alpha”nın bədəni eynilə insandakı kimi 206 “sümük”dən ibarətdir. Süni əzələlərin “sinir” (elektrik) siqnallarına reaksiya vermək vaxtı 50 mikrosaniyədən aşağıdır.
Robotun “hissiyyat”ı 4 kamera, 70 sensor və 320 toxunuş sensoru vasitəsilə təmin olunur. Bu mikroqurğuların verdiyi informasiya mikrokontrollyorlar vasitəsilə mərkəzi “hissiyyat” prosessoruna (NVIDIA Jetson Thor) ötürülür və orada emal olunur.
“Clone Alpha”nın qan-damar sistemi 500 vattlıq elektrik mühərrikinin əsasında qurulub. O xüsusi mayeni – qanı hərəkət etdirməklə, əzələlərin işləməsi üçün lazım olan hidravlik təzyiqi yaradır.
“Clone Robotics” artıq 279 belə robot üçün ilkin sifariş aldığını açıqlayıb.
Tariyel Həsənov
AzVision.az